9.04.2018

Çin Xalq Respubikası - Pekin

   Dünyanın ən qədim mədəniyyətlərindən birinə sahib olan, barıt, kompas, kağız, mətbəə kimi önəmli ixtiraların kəşf edildiyi ölkə- Çin Xalq Respublikası.








   Tarix kitablarının səhifələrini vərəqləsək Çin haqqında qarşımıza yüzlərlə illik tarix və Çin fəlsəfəsi çıxır. 5000 illik möhtəşəm tarixi təcrübəyə malik olan Çin bu xüsusiyyəti ilə dünya tarixinin demək olar ki bütün dövrlərində varlığını qoruyub saxlamışdır.

   Dünyanın ən çox əhalisinə sahib olan Çin həmçinin sahəsiylə ən böyük Asya ölkələrindən biridir. Sahəsinin böyüklüyü ölkənin fərqli bölgələrində müxtəlif  iqlim növlərinin olmasına şərait yaradır.

  Ölkənin rəsmi dili çin dili olsa da, qeyri-rəsmi olaraq 292 dil danışılır.  Çin əhalisinin 80 faizi Çin dinlərinə inanır.Yerdə qalan hissəsi isə budist, xristyan və ya ateistdir.

   Çin son illərdə dünyanın ən vacib iqtisadi güclərindən birinə çevrilməyə başlamışdır. Çinin regionda və dünyada nüfuzu, hərbi sahədən çox iqtisadi sahədə özünü hiss etdirməkdədir. Turizm baxımından önəmli iqtisadiyyata malik olan Çin, Fransa və ABŞ-dan sonra dünyada ən çox ziyarət edilən üçüncü ölkədir.


   Çin Xalq Respublikasının paytaxtı Pekin, Şanxaydan sonra ölkənin ən çox əhalisi olan şəhərdir. Pekin yüz illər boyunca Çinin dəyişməz paytaxtı olmuşdur və bu sayədə dünyanın ən qədim paytaxtlarından biri hesab olunur. Ölkənin ən önəmli tarixi dəyərlərinə ev sahibliyi edən Pekin, hər il yüz minlərlə ziyarətçi qəbul edir.
  


" Qadağan olunmuş şəhər "
  
     

    İmperatorluq dövründən qalan, ən görkəmli tikililərdən biri sayılan "Qadanğan olunmuş şəhər "  dünyaca məşhur nadir əsərlərdən biri olaraq qəbul olunur. 6 əsirlik tarixi olan tikili günümüzə qədər gəlib çatmış ən böyük taxta tikililərdəndir.

   Təxminən 600 il boyunca 24 hökümdara ev sahibliyi edən şəhərin "Qadağan olunmuş" olaraq adlandırılmasının səbəbi dövrün hökümdarlarını qorumaq üçün alınan yüksək səviyyəli təhlükəsizlik tədbirlərindən qaynaqlanır. Belə ki, şəhərin ətrafı eni 50 metr olan su kanalları ilə əhatə olunur və şəhərə giriş və çıxış qapılardan başqa heç bir torpaq parçası ilə mümkün olmur. Bir digər təhlükəsizlik tədbiri isə  şəhərin bünövrəsini əhatə edən  bir neçə metrlik daş bloklardır.Beləliklə şəhərə torpağın altından qazaraq girmək səyləri də uğursuz nəticələnir. Şəhərdə hökümdarların hər gün ayrı otaqlarda qalmağı təmin edilirdi, belə ki hökümdarlar üçün  9999 otaq tikilmişdir və hökümdarın hansı gün hansı otaqda gecələdiyini yaxın mühafizəçilərindən başqa heç kim bilmirdi.  





   
   Qadağan olunmuş şəhərdə əsas təsvir, Çinin simvoluna çevrilmiş əjdaha təsviridir. Güc simvolu olan əjdaha təsvirinin şəhərdəki sayı dəqiq bilinmir. Çünki su kanallarından, mərmər bəzəklərə qədər saysız-hesabsız əjdaha təsvirlərini müşahidə etmək olar.



  Hökümdar, kraliça, dövlət məmurunun rütbəsi qaldığı binanın damındakı fiqurların sayı ilə müəyyən olunur. Hökümdarın qaldığı binanın damında 10 heyvan fiquru təsvir olunur. Şəhərdəki binalarda bu fiqurların sayı dövlət məmurlarının rütbələrinə görə daha da azalır.





    Qadağan olunmuş şəhər  ön və arxa bağça olaraq iki hissəyə bölünür. Şəhərin əsas giriş qapısı   "Meridyan qapısı" adlanır. Bu qapıdan keçdikdən sonra şəhərin içində ikinci bir qapı - "Böyük harmoniya qapısı"  qarşınıza çıxır. Bu qapının arxasında isə  Çin memarlığının möhtəşəm əsərlərindən olan  üç böyük saray sizi qarşılayır.

 
 "Böyük Harmoniya sarayı"

  İmperatorun taxt sarayı olaraq bilinən bu saray digərlrində öz əzəməti ilə seçilir. Sarayın içində imperatorun əjdaha detallı taxtı yerləşir. Yeni ili qarşılama və taxta çıxma mərasimləri həmişə burada edilirdi.


   " Mükəmməl Harmoniya sarayı" 

  
  Bu saray bir qədər kiçikdir və bəzi rəsmi olmayan tədbirlər burada keçirilirdi.

    "Harmoniyanın Qorunması sarayı"


  Dünyanın ilk dövlət xidməti imtahanları məhz burada keçirilmişdir.

   1987-ci il istehsalı olan, Bernardo Bertoluççi imzalı  "Son imperator " filmi Çin hökumətinin icazəsi ilə Qadağan olunmuş sarayda çəkilən ilk bədii filmdir. Film Çinin sonuncu imperatoru olan 3 yaşlı Pu İnin həyatından bəhs edən bioqrafik,tarixi dram filmidir.
  

  Tiananmen Meydanı





  

    Tiananmen  meydanı şəhərin tam ortasında yerləşir. Dünyanın ən böyük şəhər meydanlarından biri hesab olunur. 40 hektarlıq bu ərazidə memarlıq işi baxımından xüsusi bir şey yoxdur.Meydanın cənub hissəsində Mao Zadonqun (Çin Xalq Respublikasının qurucusu) mavzoleyi yerləşir. Meydanın şimalında Xalq Qəhrəmanlarının xatirəsinə salınmış abidə ucalır. Meydanın qərb hissəsində saray və milli teatr binası var. Meydanın şərqində isə  Çin milli muzeyi ziyarətçilərini qəbul edir. Muzey iki hissədən ibarətdir : Tarix muzeyi və inqilab muzeyi. Muzeyə giriş ödənişlidir. Lakin turistlər üçün  tək problem  sərgilənən materialların yalnız çin dilində olmasıdır. 



Cənnət məbədi







   Cənnət məbədi Pekinin simvollarından biridir. Çində o dövrlərdə cənnətin dairəvi, dünyanın isə kvadrat şəklində olduğuna inanılırdı və bu inanca görə şimal hissə dairəvi, cənub hissə isə kvadrat formasında inşa edilib. Binanın inşasında heç bir mismar və metaldan istifadə olunmaması Minq və  Qinq memarlıq sənətinin ən gözəl nümunəsi kimi göstərilməsinə səbəb olub.

   İmperator məhsul biçini dövründə məhsulun bol olması üçün burada dua edər və insanlar bu məbəddə cənnətə qurban olaraq təqdim edilərmiş.

   Bağçasından tavanlarına qədər hər bir detalı xüsusi diqqətlə bəzədilmiş məbəd, ahəngli rəngləri və divarlarındakı işləmələri ilə göz oxşayır.Məbədə doğru yeridikdə üstü qapalı uzun bir yoldan keçirsiniz.Bağça boyu müxtəlif kağız və daş oyunları oynayan, idmanla məşğul olan,rəqs edən  yerli sakinləri də görmək olar.



 
 Beijing heyvanxanası və Pandalar






    Əgər Pekində keçirəcəyiniz əlavə bir neçə gününüz varsa , Beijing heyvanxanasına baş çəkməyi unutmayın.1906-cı ildə Qinq sülaləsi tərəfindən qurulmuş Beijing heyvanxanası dünyanın ən köhnə və məşhur heyvanxanalarından biridir.Tərkibində 950 fərqli növdən  14500 heyvan olan heyvanxanada ən çox rəğbət görən və məşhur olan heyvan isə pandalardır. 
 

  Vangfujing küçəsi





      Dünya şöhrətli markaların mağazalarının yerləşdiyi bu küçə turistlərin ən çox baş çəkdiyi küçələrdən biridir.Lakin turistlər Vagfujing küçəsinə əsasən alış-veriş üçün yox, küçə boyu  düzülmüş restoranlarda Çin mətbəxinin fərqli təamlarını dadmaq üçün üz tuturlar. Əgər ürəkli olsanız burada bir-birindən maraqlı və qeyri-adi sayılan  əqrəb qızartması,osminoqları və s.kimi yeməkləri sınaqdan keçirə bilərsiniz .Yox əgər o qədər də macəra həvəskarı deyilsinizsə xüsusilə yemək üçün yetişdirilən   pekin ördəyinin dadına baxmağı unutmayın.



Hiç yorum yok:

Yorum Gönder